Həyat hekayələri | Sandıqdakı ölüm tədarükü

Həyat hekayələri | Sandıqdakı ölüm tədarükü
  30 May 2013    Oxunub:1881
Səfurə Çərkəzqızı

Güzgüyə baxırdım, kefim pozuldu. Yenə ağ saçlarım boyanın altından çıxıb “cücərmişdilər”. Elə bil, mənim acığıma boy-boya verib, “neyləsən də, biz varıq!”,- deyirdilər. Bircə, onların varlığını qəbul eləyə bilsəydim... Anam yadıma düşdü. Onun sağkən ölümlə barışmağı...
...Ağlım kəsəndən evimizdə bir sandıq görmüşdüm. Anamın cehiziydi. Nə vaxt anam paslı açarı qıfıla salardı, gəlib lap dizinin dıbində oturardum, həvəslə naxışlı, ağır qapağın qalxmağını gözləyərdim. Sandıqdakı əşyalar mənə o qədər maraqlı, bər-bəzəkli, rəngbərəng, sirli görünərdi ki... Hər dəfə anamın zəhləsini tökərdim, deyərdim, sandığın içərisindəkiləri mənə bircə-bircə göstərsin, özü də, tələsmədən, aram-aram.

Sandıqdan nələr çıxmazdı - parçalar, məxmər yasdıqça üzləri, təzə paltarlar, ipək kəlağayılar, çini qablar, toy tədarükləri...
- Bax, bu simli yaylığı qardaşının xeyir işinə niyyət eləmişəm, sağlıq olsun... Üstündə özündən gülü olan bu parçanı da Qafandan almışam, kimə qismət olsa, tikdirib geyinər.

Anam pal-paltarları göstərdikcə, burnuma sandığın xoş iyi gələrdi. O qoxunu başqa heç yerdə duymazdım...

...İllər keçdi, mən böyüdüm, anamın saçları ağardı, qədim sandıqsa bir az da köhnəldi, paslandı...
Bir dəfə anam yenə sandığını açıb eşələdi:
-Bu kəlağayı sənin payındı, birdən, ölüb-eləyərəm...

Sandıqdan yaşıl rəngdə bir boxça da çıxartdı, düyününü açdı:
-Bu ağ parça mənim kəfənliyimdir. Qızımsan, gərək belə şeylərin yerini biləsən, qəfil ölsəm, məni buna bükərsiz...

Sonra ağ parçanın qatını qaldırdı, anam qara çərçivənin arasından mənə baxırdı:
- Şəkilimdi, boyütmüşəm, dedim, ölsəm, əl-ayağa düşməyəsiz.

Kəfənliyin arasında bir bükülü də vardı. Anam bükülünün üstünə sarınmış qara sapı aça-aça mənə hər şeyi yerli-yataqlı başa salmağa çalışırdı:
-Yasda pul da lazım olur. Bu pulu əlimə düşdükcə yığmışam, yerini yadında saxla.

Canımdan üşütmə keçdi, tüklərim biz-biz oldu. Mən ölümdən qorxurdum. Amma məni ən çox qorxudan anamın ölümdən belə rahatca danışmağıydı. Elə bil, ölümə yox, qonağa hazırlıq görürdü. ÖLÜM lap yanımızdaydı – ikimizin arasında. Anamı anlamırdım. İnsanların sağkən ölümlə barışmağını anlayacaq qədər böyüməmişdim, axı...

O gündən anamın sandığı mənə bir az maraqlı, bir az nəşəli, bir az da kədərli göründü. Həyat kimi...

İllər keçdi, çox şey dəyişdi...Yağılar yurdumuzu taladılar, nə yurdumuz qaldı, nə o naxışlı sandıqlar. Daha camaat Qafana bazarlığa getmədi. Ölümsə o qədər adiləşdi, o qədər çoxaldı ki, ölənləri kəfənə bükməyə belə, macal olmadı. Sonra güllələr səngidi, yenə ölüm azalmadı. Yurd həsrətindən ölənlər, bala dərdinə dözməyənlər, dəli olub özünü asanlar, xəstəliklərin növbəti qurbanları, əri baltalayanlar, avtomobil qəzaları... Ölüm bizə yaxınlaşdıqca, daha heç kəs ona tədarük görmədi...

...Həyat bizi yedəyinə alıb qaçır. Tələsirik, yanımızdakı ölümü düşünməyə, ona hazır olmağa, dünyanın faniliyini anlamağa vaxtımız yoxdur...

İndi saçlarımın bəyazlığına baxanda ölüm heç yadıma düşmür. Cavanlığımı itirdiyimə heyifsilənirəm...



Teqlər:  





Xəbər lenti